Qafqaz gözlənilməz vəziyyətlə üz-üzə| Baydenin ani səfəri Putinin müraciəti ilə bağlıdır?

2023/02/1676898143.jpg
Oxunub: 8354     17:40     20 Fevral 2023    
ABŞ prezidenti Co Bayden elan olunmamış və bir qədər də gözlənilməz səfərlə Kiyevə gəlib. Ukrayna prezidenti Volodimir Zelenski bu barədə öz “Telegram” kanalında Baydenlə əl sıxma şəklini yerləşdirərək məlumat yayıb. ABŞ prezidentinin Kiyevə səfəri, görünür, həddindən artıq məxfilik şəraitində hazırlanıb, çünki bu barədə heç bir məlumat sızmayıb. Şübhə yoxdur ki, səfər çoxdan planlaşdırılaraq hazırlana bilməzdi, çünki ABŞ prezidentinin səfəri ilə bağlı həyata keçirilən təhlükəsizlik tədbirləri çox vaxt tələb edir.

Zelenski Baydenin səfərini bütün ukraynalılar üçün böyük dəstək kimi qiymətləndirib. Bundan əvvəl Ağ Ev həmişə Kiyevə səfərlə bağlı məlumatları təkzib edərək, prezident Baydenin səfərinin lazım gəldikdə, lazımi vaxtda olacağını bəyan edib. Buna görə də belə çıxır ki, bu gün münasib, zəruri məqamdır. Bu an niyə lazımdır? Əsas sual budur. Vəziyyətə cəbhə çərçivəsindən baxsaq, əsas döyüş əməliyyatlarının Donbas cəbhəsinin “açar” nöqtəsi olan Baxmut bölgəsində aparıldığını görərik Ukrayna özü də etiraf edir ki, orada vəziyyət son dərəcə ağırdır və şəhər ağır itkilər bahasına saxlanılır, habelə Rusiyanın hücumunun da böyük itkilər bahasına baş verdiyi bildirilir.

ABŞ prezidentinin səfəri hərbi cəbhədəki ağır vəziyyətlə bağlıdır? Bəs bu halda Baydenin Kiyevə səfəri necə kömək edəcək? Görünür, motivlər və ehtiyaclar “hərbi” deyil, siyasidir. ABŞ prezidentinin səfəri həqiqətən yüksək səviyyədə dəstəkdir ki, bu da ya Ukraynada və onun ətrafında həqiqətən də mürəkkəb problemlərin olduğunu, onların həlli üçün bu qədər yüksək və birbaşa müdaxilə-iştirak tələb etdiyini, ya da Kiyevə yüksək qiymət verildiyini göstərir. Siyasi və mənəvi səviyyədə dəstək müqabilində isə bəlkə də müəyyən siyasi “kompromislər” gözləmək niyyəti var. Həmin miqyasdakı reallıqları dəqiq qiymətləndirmək çox çətindir, çünki bizim onlar haqqında son dərəcə vacib informasiya təfərrüatlarına çıxışımız yoxdur.

Burada iki hal diqqəti cəlb edir. ABŞ prezidenti ölkəsinin vitse-prezident və dövlət katibi tərəfindən təmsil olunduğu Münhen Təhlükəsizlik Konfransına getmir, lakin konfrans başa çatdıqdan dərhal sonra qəfildən Kiyevə baş çəkir. Eyni zamanda, səfər Rusiya prezidentinin illik müraciəti ərəfəsində baş verir.

Maraqlı bir vəziyyətdir. Çətin ki, Baydenin Kiyevə səfəri qeyri-müəyyən olsun, üstəlik, hazırlıq zamanı Rusiya tərəfi ilə təmasın aparılmaması da inandıcı deyil. Axı ruslar mütəmadi olaraq bütün Ukraynanı, enerji və digər infrastrukturu hədəfə alırlar. Və heç kim zəmanət verə bilməz ki, ABŞ prezidenti birdən-birə təsadüfən hədəfə alınmayacaq. Müvafiq olaraq, Baydenin səfəri ilə bağlı Rusiya tərəfinin məlumatlandırıldığı şübhə doğurmur. Və maraqlıdır ki, gözlənilən səfərlə bağlı Rusiya informasiya domenindən heç bir sızma olmayıb. Bir tərəfdən, baş verənlər bəlkə də ondan xəbər verir ki, həqiqətən də Ukrayna istiqamətində mühüm hadisələr gözlənilir. Bunların, məsələn, Baxmut Rusiya tərəfinə keçəndən sonra hərbi-siyasi gərginliyi əhəmiyyətli dərəcədə artıran və ya əksinə, azaldan hadisələr olacağını söyləmək kifayət qədər çətindir. Amma bu hadisələrin Qafqazın “yanında” da baş verməyəcəyi istisna edilməməlidir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin